Sinqapurda 18 yaşlı fransız tələbə Didier Qaspar Ouen Maksimilyen avtomatdan portağal şirəsi içmək üçün götürdüyü çubuqu yalayıb yerinə qoyduğu iddiası ilə "ictimai asayişi pozmaq" və "xuliqanlıq" ittihamları ilə üzləşib.
Yerli mənbələrin məlumatına görə, Maksimilyen bu hərəkətini İnstaqramda video olaraq paylaşıb və görüntülər qısa zamanda geniş yayılıb.
Avtomatın sahibi olan "iJooz" şirkəti hadisədən sonra maşındakı bütün 500 ədəd çubuqu dəyişdirdiyini açıqlayıb.
Hər iki ittiham üzrə təqsirli bilinərsə, Maksimilyeni iki ildən çox həbs cəzası və minlərlə dollar məbləğində cərimə gözləyir.
İddia edilən hadisə martın 12-də Sinqapurdakı ticarət mərkəzlərindən birində baş verib.
Xəbər mənbələrinə görə, Maksimilyen videosunu İnstaqram Hekayə (Story) olaraq "şəhər təhlükəsiz deyil" başlığı ilə paylaşıb.
Onun videosu sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və bir çox istifadəçi bu hərəkəti iyrənc adlandırıb.
"iJooz" şirkəti yerli "Channel NewsAsia (CNA)" xəbər portalına açıqlamasında polisə şikayət etdiyini və avtomatda sanitar təmizləmə işlərinə başladığını bildirib.
Maksimilyen hazırda "Essec Business School"un Sinqapur filialında təhsil alır.
Məktəbin sözçüsü daha əvvəl yerli mediaya hadisədən xəbərdar olduqlarını və daxili araşdırmaların aparıldığını söyləyib.
Onun vəkilləri "CNA"ya bildiriblər ki, Maksimilyenin valideynləri Sinqapura gəliblər və məktəbin nümayəndəsi onun zaminliyini götürəcək.
İş üzrə növbəti məhkəmə iclası mayın 22-nə təyin edilib.
Mənbə: BBC News

